17 Nisan 2016 Pazar

Lev Tolstoy - İvan İlyiçin Ölümü 

İnsan, yaradılışından ötrü ətrafında olan kəslər tərəfindən dəyərli, faydalı görünməyi arzu edir. Sevməyi, sevilməyi və ən əsası ailə səadəti və rahatlığı istəyir. Əsərimizin baş qəhrəmanı İvan İlyiç isə yuxarıda sadaladıqlarımzın həsrətində olan biridir desək yanılmarıq. Fikrimcə əsəri  oxuyanlar real həyatdan ayrılmasalar da artıq bir dəfə ölümün dadına baxıblar.
Əsər İvan İlyiçin ölümü, son günlərində çəkdiyi  ağrılar və sonda artıq ölümə təslim olmasından daha çox mənasız bir həyatın nəticələrindən bəhs edir, mənfəətin bitdiyi yerdə mənəvi  qəddarlığın, vəhşətin başladığını göstərir.

Əsər İvan İlyiçin ölümünün, ailəsi və iş yoldaşlarında yaratdığı təəssürat ilə başlayır. Ancaq qəhrəmanımızın evlilik yolunda səhv addım attığı və həyatında yanlış dostlar olması yaşamını mənasızlaşdıran başlıca ünsürlər olaraq əsərin başlanğıcından sezilməkdədir.  Həyat yoldaşı Praskovya Fiodorovna, ərinin ölümü sonrası dövlətdən əldə edəcəyi pulları və bu kimi işlərlə artıq özünün məşğul olacağını dərd edərkən, iş yoldaşları olan dostları isə İlyiçin ölümünün onların kariyerasında nə kimi dəyişikliklərə yol açacağını düşünməkdədirlər.
İvan İlyiç, iş həyatında uğur qazanmış, pillə pillə qalxaraq məhkəmədə yüksək rütbəli hakim olmağı bacarmış biridir. Onun xoşbəxtliyi məhz işidir. Yüksək vəzifə sahibi olmaq, bunun sayəsində imtiyazlı şəxslərlə dost olmaq, onlar arasında sayılıb seçilmək, hörmət sahibi olmaq onun üçün çox vacib sayılır. Şəxsi həyatını isə heç vaxt iş həyatına qatmamağı artıq gənclik illərindən bəri professional şəkildə mənimsəmişdir.Uğursuz bir evlilikdən qaçışın tək yolunu həyatını işinə sərf etməklə tapmışdır.Ancaq kiçik bir ev qəzası və ardınca ölümə aparan xəstəliyin peyda olması, ətrafı daha yaxşı görməsinə səbəb olmuşdur. Ailəsinin onunla maraqlanmaması və xəstəliyi üçün İlyiçi günahkar bilən və hər xırda məsələdə onunla mübahisə edən həyat yoldaşı, ətrafında onun öləcəyini bildikləri halda sağalacağı ümidini verərək İlyiçə yalan danışmaları, qəhrəmanımızı xəstəlikdən daha çox ölümə aparan səbəblərdir.
Ölümü inkar etməsi, daha doğrusu qəbul edə bilməməsi böyük əzab idi. İçindən keçənləri ətrafda danışacaq bir nəfərin olmaması isə ayrı bir dərd idi. Çünki anlamayacaqlarını bilirdi. Bütün həyatının, ailəsinin, işinin sadəcə bir aldatmacadan ibarət olduğunu görən İlyiç, mənəvi əzab çəkir. Bu da onu dərin bir yalnızlığa düçar etmişdi. Təklikdə isə tək düşündüyü xəstəliyin səbəb olduğu ağrısı və keçmişi, yəni uşaqlığı idi; dayəsi, qardaşları və oyuncaqları. Zənginliklə dolu sandığı həyatı, getdikcə artan sürətlə qorxunc bir sonla nəticələnməyə doğru yuvarlanırdı.

İvan İlyiçin düşdüyü bu bataqlıqda isə tutuna bildiyi bir ağac budağı varsa, o da baxıcısı Jerasimdir. Ətrafında sağlam gördüyü hər kəsə nifrət qusan İlya İlyiç, yalnız Jerasimi güclü və canlı görəndə rahatlıq tapır. Bunun səbəbi isə, Jerasimin onun qayğısına qalması və bunu edərkən heç bir narazılıq hissi olmadan və ürəkdən etməsi idi. Ölüm məsələsində də ona yalan danışmırdı. Hər kəsin ölümə məhkum olduğunu, etdiklərinin isə ölməkdə olan bir insan üçün olduğunu bildirir, özünün öləcəyi zaman da bir başqasının onun qayğsına bucür qalacağını ümid edirdi. Ölümün son günlərində uşaq kimi qeydinə qalınmasını və ona yazığı gəlinməsini istəyən İlya İlyiç üçün Jerasim, bir sığınacaq idi.

Sonluğu əsərdən bir cümlə ilə bitirməyi daha məqsədə uyğun görürəm:
"Nə üçün yaşamışsan və nə üçün yaşamaqdasansa, hamısı, səndən yaşam ilə ölüm həqiqətini gizləməyə çalışan yalanlardı".

Hiç yorum yok:

Yorum Gönder